2022-ci ilin I rübünün sonuna Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin və hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 46.4% olub.
İndex.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2021-ci ilin sonuna bu göstərici 45,4% təşkil edib. Beləliklə, yanvar-mart aylarında əmanət və depozitlərin dollarlaşma səviyyəsi 1 faiz bəndi artıb.
Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı rübün sonuna 55.5% (2021-ci ilin sonuna 52,2%) təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 42.3% (2021-ci ilin sonuna 41%) olub.
2021-ci ildə xarici valyutada əmanət və depozitlərin payı 2,8 faiz bəndi – 45,4%-dək azalıb.
2022-ci il martın 31-nə banklarda əmanət və depozitlərin həcmi 30 milyard 508,5 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 5,1% çoxdur. Fiziki şəxslərin əmanətləri 10 milyard 372 milyon manat məbləğində (artım 12,2%) qiymətləndirilir.
Mənbə – İnterfaks-Azərbaycan