“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
İndex.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb. Bu barədə jurnalist Şakir Eminbəyli sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, dekabrın 25-i səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Bundan sonra ekipaj məcburi Qazaxıstanın Aktau limanına eniş edərkən təyyarə qəzaya uğrayıb. Nəticədə ekipajla birgə 67 nəfərdən 38 nəfər həlak olub.