Orta pensiya səviyyəsinin 571 manat olması qane edici deyil – HÜQUQŞÜNAS

“Yaşa görə orta pensiya səviyyəsi 571 manata qaldırılsa da, bu qane edici rəqəm deyil”.

İndex.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.

İndex.az-a danışan Əkrəm Həsənovun sözlərinə görə, bu rəqəmlər Avropadan xeyli geri qalır:

“Avropa Şurasının (AŞ) bu məsələ ilə bağlı mövqeyi fərqlidir. Belə ki, AŞ-nin yanaşmasına görə, insanın ləyaqətli gəliri ölkə üzrə minimum əməkhaqqının ən azı 60%-ni təşkil etməlidir. Azərbaycanda orta əməkhaqqı 993 manatdır. Bu rəqəmin 60%-i 595 manat edir. Belə çıxır ki, minimal pensiya 595 manatdan az olmamalıdır. Bizdə isə minimal pensiya səhv etmirəmsə 282 manatdır. Bu isə qane edici deyil”.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycanda yaşa görə orta aylıq pensiyanın 571 manat olacağının proqnozlaşdırıldığını bildirib.