Taksit kreditləri üzrə standartlar sərtləşib

Bu ilin II rübündə Azərbaycanda cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları (taksit) üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.

“I rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar III rübdə də əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını, kredit kartları üzrə standartlarda isə sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar”, – hesabatda deyilir.

Sorğuya əsasən, ümumi istehlak kreditlərinə tələb artıb. Respondentlər artımın əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına formalaşdığını düşünürlər. Banklar 2024-cü ilin III rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

“İstehlak kreditləri üzrə inflyasiya gözləntiləri və maliyyələşmə dəyəri kredit standartlarına təsir edib. I rüblə müqayisədə bankın mövcud və gözlənilən likvidlik mövqeyi sərtləşdirici faktor kimi daha az təsirə malik olub. Həmçinin cari ilin I rübündən fərqli olaraq II rübdə bankların mövcud və gözlənilən kapital mövqeyi ipoteka kredit standartlarına yumşaldıcı faktor kimi təsir edib. Sorğuya əsasən digər banklarla rəqabət də kredit standartlarına yumşaldıcı təsir edib”, – sorğuda qeyd edilib.

Xatırladaq ki, bu il avqustun 1-nə Azərbaycanda kredit kartları ilə 774 milyon manatlıq 13,709 milyon əməliyyat aparılıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 34,4 % və 26,6 % çoxdur.