Mərkəzi Bank “Golden Pay”a lisenziya verib

Mərkəzi Bank “Golden Pay” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

İndex.az xəbər verir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 17 iyul 2024-cü il tarixli Qərarı ilə “Golden pay” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.