“Az-Tex-Import” MMC tərəfindən “IVECO” brendi altında istehsal olunacaq yük avtomobillərinin təxminən 70 faizi ixrac ediləcək.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Araz Vadisi İqtisadi Zonası” və Sumqayıt Kimya sənaye parklarının rezidenti “Az-Tex-Import” MMC-nin təsisçisi Samir İbadullayev deyib.
Onun sözlərinə görə, məhsullarını Türkiyə və Gürcüstana, eləcə də Rusiya və İran daxil olmaqla Xəzəryanı ölkələrə ixrac etməyi planlaşdırırlar: “Azərbaycan bazarında məhsullarımıza kifayət qədər tələbat var. Daxili tələbatı ödəməklə yanaşı, xaricə də məhsul göndərəcəyik. Biz ixraca daha çox maraq göstəririk”.
S.İbadullayev qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək müəssisədə il ərzində 100 ədəd yüngül, orta və ağır tonnajlı yük avtomobili istehsal olunacaq: “Artıq ilk 12 ədəd avtomobilin hissələri sifariş edilib, sifarişlərimiz Azərbaycana gəlmək üzrədir. Təxminən noyabrda Sumqayıtda istehsala başlamağı planlaşdırırıq. Hazırda yük avtomobillərinin istehsalı üçün işlər aparılır. Gələcəkdə, perspektiv olarsa, orta və kiçik tutumlu sərnişin avtobuslarının istehsalı da nəzərdə tutulur”.
Qeyd edək ki, “Az-Tex-Import” MMC Cəbrayılda da “IVECO” brendinin yüngül tonnajlı yük avtomobillərini istehsal edəcək. Artıq həmin ərazidə müəssisənin inşasına başlanılıb. Zavodda 80 nəfər işlə təmin olunacaq.