“Meta” son illərin ən böyük cəzalarından biri ilə üz-üzədir

“Facebook”, “Instagram” və “WhatsApp” kimi platformaları ilə sosial media dünyasının ən önəmli adlarından biri olan “Meta” bu günlərdə böyük bir cəza ilə üz-üzədir.

İndex.az xəbər verir ki, “Meta” bazarda qurduğu hökmranlığından sui-istifadə edərək “Facebook” və “Instagram”da reklam vermək üçün rəqib reklam xidmətlərinin qarşısına əlverişsiz şərtlər qoyduğuna görə, Avropa Komissiyası tərəfindən tənqid edilib.

Avropa Komissiyası iddia edir ki, “Meta”nın təcrübələri rəqabətə mane olur və bazarın digər iştirakçılarının fəaliyyətini çətinləşdirir.

“Meta” isə öz növbəsində bu ittihamları rədd edir və onun təcrübələrinin istehlakçılara fayda verdiyini, rəqabəti təşviq etdiyini iddia edir.

Bununla belə, “Meta”nın bu iddialara görə ağır cərimə ilə üzləşməsi ehtimalının son dərəcə güclü olduğu bildirilir.

Onu da qeyd edək ki, mümkün cərimə şirkətin 2023-cü il qlobal gəlirinin 10%-i qədər, yəni 13,4 milyard dollar civarında ola bilər.