Tahir Mirkişili, Millət vəkili,
Dünyanın hipotetik parçalanmasının modelləşdirilməsi göstərir ki, bəzi ölkə qruplarının digərləri ilə ticarətinin azalması və ya dayandırılmasından yaranan itkilər onlar arasında texnologiya, ideya, bilik və innovasiyaların mübadiləsinin dayandırılmasından yaranacaq itkilərdən dəfələrlə azdır.
Potensial olaraq dünya ticarət sisteminin Şərq və Qərb olaraq iki bloka bölünməsi qlobal sərvətin 5% azalmasına səbəb olacaq, bəzi regionlarda isə bu azalma 10-15% təşkil edəcək. Şərq bloku daha çox zərər görəcək, lakin iqtisadi itkilər əsasən ticarətin azalmasına görə deyil, ideya və biliklərin yayılmasına məhdudiyyətlərin yaranacağına görə baş verəcək.
Açıq bazarlar və azad ticarət İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq nizamın əsas prinsipləri idi. Bu müddət ərzində ticarət xərclərinin azaldılması və ticarətdən əldə edilən faydalar haqqında geniş konsensusa nail olunması beynəlxalq ticarət rejiminin davamlı olaraq dərinləşməsinə və onun şərqə doğru genişlənməsinə gətirib çıxardı: Şərqi Avropanın Aİ-nə daxil oldu, Rusiya və Çin isə ÜTT-yə (Ümumi Ticarət Təşkilatı) qoşuldu.
Lakin, son onillikdə qlobal ticarətin inteqrasiyasında geri dönüş müşahidə olunur. Çinin yeni fövqəldövlət kimi meydana çıxması Çin və ABŞ arasında strateji rəqabətə gətirib çıxara bilər ki, bu da geosiyasi qüvvələr və qarşılıqlı asılılığı məhdudlaşdırmaq istəyinin faydalı beynəlxalq əməkdaşlıqdan üstün tutulmasına səbəb ola bilər. ABŞ-dan olan tədqiqatçılar yazırlar ki, geosiyasi münaqişələr artıq getdikcə daha tez-tez ticarətin hərəkətverici qüvvəsinə çevrilir. İqtisadçı alimlər Dünya ticarət sisteminin iki bloka (biri ABŞ-a, digəri Çin) bölünməsi halında nələrin baş verəcəyini modelləşdirməyə çalışıblar. Adətən, ticarət əlaqələrinin kəsilməsinin iqtisadi nəticələrini qiymətləndirərkən tədqiqatlar ticarət mübadiləsinin əsasən özünün nəticələrinə diqqət yetirirlər. Lakin dünyanın hipotetik parçalanmasının modelləşdirilməsi göstərir ki, bəzi ölkə qruplarının digərləri ilə ticarətinin azalması və ya dayandırılmasından yaranan itkilər onlar arasında texnologiya, ideya, bilik və innovasiyaların mübadiləsinin dayandırılmasından yaranacaq itkilərdən dəfələrlə azdır. Bu itkilər uzunmüddətli mənfi təsir gücünə sahibdirlər. Üstəlik, bu itkilərə “Şərq bloku”nun texnoloji cəhətdən ən az inkişaf etmiş ölkələri daha çox məruz qalacaqlar.
Bipolyar Dünya: İtki Asimmetriyası
Tədqiqatçılara görə dünyanın hipotetik olaraq bölünməsi vəziyyətində hansı ölkələrin və regionların hansı bloklara qoşulacağı onların xarici siyasətlərinin oxşarlığına görə qiymətləndirilə bilər və bu oxşarlıq BMT Baş Assambleyasında əvvəlki onilliklərdəki səsvermələrə əsasən qiymətləndirilə bilər. Onların fikrincə, BMT-də eyni cür səs verən ölkələrin xarici siyasətlərində oxşarlıqların olduqları intuitiv olaraq aydındır. Tədqiqaçılar bütün ölkələri xarici siyasətlərinə görə ya ABŞ, ya da Çinlə müqayisə ediblər. Beləliklə, əldə edilən ikiqütblü dünyanın xəritəsi göstərir ki, Qərb – ABŞ mərkəzli bloka Kanada, bütün Avropa, Avstraliya ilə birlikdə Yeni Zelandiya, Cənubi Koreya, Yaponiya, eləcə də Cənubi Amerikanın bir hissəsi – Peru, Çili, Argentina, Paraqvay , Uruqvay daxil olacaq. Latın Amerikasının qalan hissəsi, Sub-Sahara Afrikası və Mərkəzi Asiyanın bəziləri ABŞ-a, bəziləri isə Çinə daha yaxın olacaq. Çinə yönəlmiş Şərq bloku Hindistan, Şimali Afrika, Yaxın Şərq, Cənub-Şərqi Asiya və Rusiya ilə təmsil olunacaqlar.
Sonra müəlliflər bölünməyin iki ssenarisini modelləşdiriblər – bloklar arasında ticarətin tam dayandırılması və ya məhdudlaşdırıcı rüsumların qarşılıqlı tətbiqi. İki ssenarinin hər biri öz növbəsində iki versiyada modelləşdirilmişdir: biliklərin mübadiləsi ilə və ya mübadilə olmadan.
Hər iki ssenari, gözlənildiyi kimi, iki bloka daxil olan ölkələrin ticarətinin yenidən istiqamətləndirilməsini göstərir ki, bu da bütün ölkələrin maddi rifahının əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq. Əldə edilən hesablamalara görə, bölünmə halında 2040-cı ilə qədər qlobal rifah bölünməmə ilə müqayisədə 5% azalacaq. Bununla belə, itkilərin miqyası ölkələr arasında geniş şəkildə fərqlənir. Qərb bloku üçün rifah itkiləri mənfi 1%-dən mənfi 8%-ə qədər, median isə mənfi 4% olacaq. Şərq blokunun itkiləri isə mənfi 8%-dən mənfi 11%-ə qədər, median mənfi 10,5% olacaq. Müəlliflər izah edirlər ki, itkilərin bu asimmetriyası iki bloka daxil olan ölkələrin məhsuldarlığının müxtəlif səviyyələrindən asılı olacaq. Yüksək məhsuldarlığı olan ölkələrdən mal almaq yerli sahibkarlara, daha yaxşı layihələrlə tanış olmaq, ən yaxşı ideyaları mənimsəmək və ya ən yaxşı nümunələr əsasında öz innovasiyalarını yaratmaq imkanı verir.
Buna görə də, hazırda daha aşağı məhsuldarlıq səviyyəsinə və innovativ ölkələrlə daha sıx əlaqələrə malik olan Şərq Bloku ölkələri daha çox itkilərə məruz qalacaqlar ki, bu da təkcə real gəlirin azalmasında deyil, həm də uzunmüddətli perspektivdə davamlı olaraq maddi rifahın azalmasına səbəb olacaq innovasiyalara çıxışın azalmasında özünü göstərəcək.
OECD ölkələri kimi daha zəngin və innovativ bazarlarla əlaqələri kəsərək (Organisation for Economic Cooperation and Development ), Çin, Hindistan və digər Şərq Bloku ölkələri təchizat zəncirlərinin keyfiyyətini azaltmalı olacaqlar ki, bu da öz növbəsində innovasiyaların azalmasına töhfə verəcək. Əksinə, Qərb Bloku ölkələri üçün ticarət axınlarının yenidən istiqamətləndirilməsi səbəbindən rifah itkilərinə məruz qalsalar da, “qlobal bölünmə”dən sonra onların innovasiya trayektoriyaları praktiki olaraq dəyişməz qalacaqdır.
Dünyanın bölünməsi”ndən ən çox zərər çəkənlər Rusiya və Hindistan olacaqdır, onların rifah itkiləri 10%-dən çox olacaqdır. Çinin itkiləri isə 8%-dən çox olacaqdır.
Üstəlik, innovasiyaların mübadiləsinin saxlanmasının Hindistanın itkilərinə təsiri nisbətən kiçik ola bilər (təxminən 1%) – ölkə nisbətən kasıb olduğundan əsas itkilər varlı ölkələrlə mal mübadiləsinin kəsilməsindən yaranacaq. Nisbətən varlı Rusiya üçün isə əksinə, “fikir mübadiləsi ilə” və “fikir mübadiləsi olmadan” əlaqələrin kəsilməsi variantlarında itkilər təxminən eyni olacaqdır.
İtkilərin miqyası da hansı bloka qoşulacağına görə fərqlənir. Müəlliflər bunu Latın Amerikası timsalında hesablayıblar. Bu region ölkələri üçün şərq blokuna üzvlük halında itkilər qərb blokuna qoşulma ilə müqayisədə 2-2,5 dəfə çox olacaq. Eyni zamanda, hər iki halda ticarətin həcmi təxminən eyni qalır – yəni bütün itkilər texnologiya və bilik mübadiləsinin məhdudlaşdırılmasından qaynaqlanır.
Beləliklə, “dünyanın bölünməsinin” itkiləri təkcə ölkələrin rifahını azaldan tariflərin və ticarət xərclərinin artımı ilə müşayiət olunmayacaq. Əsas rifah itkiləri ideyaların və biliklərin sərbəst şəklində axını ilə baş verən inkişafın mənbəyi olan açıq ticarətin “yan faydaları”nın itirilməsi səbəbindən yaranacaq.