ABA və Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İndex.az xəbər verir ki, memorandumu ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Azərbaycan Hakimlər İttifaqı İdarə Heyətinin sədri Ramiz Rzayev imzalayıblar.

Z.Nuriyev bildirib ki, memorandumun imzalanmasında məqsəd Hakimlər İttifaqı və ABA arasında qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində fəaliyyətin təşkili, bank sahəsində məhkəmə təcrübəsinin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsidir. O, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi və ictimaiyyətin bank sahəsi ilə bağlı hüquqi maarifləndirilməsinə dəstək göstərməkdən ibarət olduğunu bildirib, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

R.Rzayev tədbirin təşkil edilməsində əsas səbəb kimi Azərbaycan Hakimlər İttifaqının əsas fəaliyyət istiqamətlərinə müsbət təsir göstərəcək növbəti qarşılıqlı əməkdaşlıqların yaradılması və ictimaiyyətə çatdırılması olduğunu qeyd edib. Azərbaycan Banklar Assosiasiyasının Respublikada fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının ortaq maraqlarını təmsil edən, bank sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində uğurla xidmət edən nüfuzlu bir təşkilat olduğuna vurğu edib.