TPAO Mərmərə dənizində neft axtaracaq

Türkiyənin neft-qaz şirkətinə Mərmərə dənizində neft kəşfiyyatı işləri aparılması üçün lisenziya verilib.

İndex.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Turkish Petroleum” (Türkiye Petrolleri Anonim Ortaklığı – TPAO) dövlət neft şirkəti  Mərmərə dənizinin Türkiyə sektorunda neftin axtarışına dair kəşfiyyat işlərinin təşkili üçün lisenziya alıb.

Bununla da Türkiyə bu il neftə olan tələbatının 10 %-ni ölkənin cənub-şərqindəki yataqlardan təmin etməyi planlaşdırır.

Kəşfiyyat işləri Mərmərə dənizinin Tekirdağ, Balıkəsir və Çanaqqala sahillərində aparılacaq. İşlər 95 min 55 hektar sahədə görüləcək və təxminən 8 il müddətində davam edəcək.

Bundan əvvəl isə Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək ölkənin bu il neftə olan tələbatının 10%-ni, 2026-cı ildə isə Türkiyənin cənub-şərqindəki yataqlardan 18%-ni təmin etmək niyyətində olduğunu bildirmişdi.