Günəş enerjisinin istehsalı 3,6 dəfə artıb – RƏSMİ

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 29,4 milyon kVt/saat enerji istehsal olunub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 3,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 587,5 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. İl ərzində bu sahədə 7,9 %-lik azalma müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 22,7 % artaraq 86,5 milyon manat təşkil edib.

Ötən iki ay ərzində Azərbaycanda 4 milyard 378,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2023-cü ilin iki ayı ilə müqayisədə 10,1 % azdır. Bunun 4 milyard 229,8 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 10,6 % azdır.

İstilik elektrik stansiyalarında 3 milyard 928,3 milyon kVt/saat enerji istehsal olunub ki, bu da illik müqayisədə 14,6 % azdır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda su enerjisi ilə işləyən stansiyalarında 262,7 milyon kVt/saat enerji istehsalı olunub. Bu, 2023-cü ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 2,3 dəfə çoxdur.

Ötən iki ay ərzində Azərbaycanda küləklə işləyən stansiyalar 9,4 milyon kVt/saat enerji istehsal edib ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 5,6 % çoxdur.