Britaniyada ən çox alınan avtomobillər hansılardır? – 20 ilin rekordu

Böyük Britaniyada minik avtomobillərinin satışı fevral ayında illik müqayisədə 14% artaraq, ardıcıl 19-cu ay artımını qeyd edir.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə 84 886 yeni avtomobil qeydə alınıb ki, bu da son 20 ilin fevral ayı üçün ən yüksək göstəricidir. Bu barədə Britaniya Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) hesabatında deyilir.

Ötən ay dizel mühərrikli avtomobillərin satışı 7,4% azalaraq 4995 ədəd, benzin mühərrikli avtomobillərin satışı isə 13,3% artaraq 48 min ədəd təşkil edib. Eyni zamanda, 14 991 elektromobil (hibridlər istisna olmaqla) satılıb ki, bu da bir il əvvəlki göstəricidən 21,8% çoxdur.

Bu ilin yanvar-fevral aylarında ölkədə yeni avtomobillərin qeydiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3% artaraq 227 762 ədəd təşkil edib. O cümlədən, benzinlə işləyən avtomobillərin satışı 9,5% (129 906 ədəd), elektriklə işləyən avtomobillərin satışı 21,3% (35 926 ədədə qədər) artıb.

Bununla yanaşı, dizellə işləyən avtomobillərin satışı 9,2% və ya 14 343 ədədə qədər azalıb.

Qeyd edək ki, bu il Britaniyada ən populyar avtomobil modelləri “Ford Puma” (6,7 mindən çox avtomobil satılıb), “Kia Sportage” (təxminən 6,2 min) və “Nissan Qashqai” (5,6 min) olub.