Kiçik kəsim müəssisələri toyuq ətinə normadan yüksək həddə su vurur

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) üzvü olan istehsalçıların bir sıra problemləri var.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbərliyi və üzvlərinin Azərbaycan Qida Təhlükəsizliyi Agenliyin (AQTA) rəhbərliyi ilə keçirilən növbəti görüşdə Assosiasiya rəhbəri Mürvət Həsənli bildirib.

Onun sözlərinə görə, bunlardan biri pərakəndə ticarət şəbəkələrində saxlama avadanlıqlarının normalara cavab verməməsidir: “Quş əti üçün zəruri olan temperarur rejimi təmin edilmir, nəticədə məhsulun keyfiyyəti aşağı düşür”.
O bildirib jki, eyni zamanda geriqayıtma faizi yüksəlir: “Bu da bizə zərər vurur. Başqa bir narahatedici məsələ kiçik kəsim müəssisələrinin toyuq ətinə normadan yüksək həddə su vurması nəticəsində ümumilikdə broyler məhsuluna münasibət pisləşməsidir”.

M. Həsənli qeyd edib ki, qida təhlükəsizliyi dövlətin milli strateji təhlükəsizliyinin tərkib hissəsidir: “Bu baxımdan, Agentliyin üzərinə böyük məsuliyyət düşür. Biz hazırda Agentliklə yaxşı əməkdaşlıq edirik. Bir neçə dəfə ölkəyə yaşlıq quşların, istehsal müddəti göstərilmədən quş əti və yumurta idxalına dair faktları Agentliyin müvafiq qurumlarına təqdim etmişik və dərhal da tədbir görülüb.

Xatırladaq ki, bir müddət əvvəl APEPEA quş əti istehsalçılarının pərakəndə ticarət şəbəkələri ilə əməkdaşlıqda üzləşdikləri problemləri hökumət rəsmiləri ilə müzakirə etmək üçün müvafiq qurumların rəhbərlərinə müraciət etmişdi. Assosiasiya rəhbərliyi İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd təsərrüfat naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət edərək, quş əti istehsalçıları ilə görüşərək mövcud problemlərin həlli imkanlarını müzakirəsinin təşkilini xahiş etmişdi.

Qeyd edək mki, Assosiasiya rəhbərliyi və üzvlərinin növbəti görüşü AQTA rəhbərliyi ilə keçirilib. Videobağlantı formatında keçirilən görüşdə AQTA-nın sədri Qoşqar Təhməzli, Agentlik aparatının rəhbəri Elxan Mikayılov, AQTA Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev, APEPEA rəhbəri Mürvət Həsənli, “Qaraqaşlı Broyler”in nümayəndəsi Vaqif Hüseynov, “Siyəzən Broyler”in rəhbəri Cavid Abbasov, “Giləzi Quşçuluq” MMC-nin rəhbəri Mahir Mirzəyev, “Azerbaijan Poultry Company” LLC-nin direktoru Pərviz Hacıyev və digərləri iştirak ediblər.