Dubay beynəlxalq şirkətlərin işçilərinə beşillik vizalar verməyə başlayıb.
İndex.az xəbər verir ki, bu barədə Dubayın şahzadəsi Həmdan bin Məhəmməd “Twitter”də yazıb. Qeyd edək ki, iş üçün gələn əcnəbilər şəhər əhalisinin 90%-dən çoxunu təşkil edir.
“Bizim məqsədimiz – təşkilatlara və onların komandalarına il ərzində görüşlərdə, konfranslarda və sərgilərdə iştirak etmək üçün Dubaya tez köçmək imkanını verməkdir”, – deyə şahzadə bildirib.
Sentyabr ayında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hər hansı bir şirkətə və işəgötürənə bağlı olmayan əcnəbi işçilər üçün “yaşıl viza”lar tətbiq edib. Bu vizalar investorlar və yüksək səviyyəli təlim keçmiş peşəkarlar, o cümlədən savadlı tələbə və məzunlar üçün nəzərdə tutulub.
BƏƏ investisiya və əcnəbi işçiləri cəlb etmək, eyni zamanda iqtisadiyyatı pandemiyanın təsirindən xilas olmasına kömək etmək üçün ölkəyə giriş qaydalarını get-gedə daha da sadələşdirir.
Ərəb ölkəsi bunu Yaxın Şərqdə aparıcı ticarət və biznes regionu statusu uğrunda Səudiyyə Ərəbistanı ilə rəqabət aparmaq üçün edir.