İlon Maskdan növbəti ağlasığmaz layihə

“SpaceX“ və “Twitter” şirkətlərinin sahibi İlon Mask “OpenAI” tərəfindən hazırlanmış süni intellekt çatbotu “ChatGPT” ilə rəqabət aparacaq yeni laboratoriya yaratmaq üçün süni intellekt tədqiqatçılarına müraciət edib.

İndex.az xəbər verir ki, “Yahoo News”un yaydığı məlumata görə, Mask “ChatGPT” ilə rəqabət apara biləcək bir komanda yaratmaq üçün “Alphabet”in “DeepMind” süni intellekt bölməsindən bu yaxınlarda ayrılmış tədqiqatçı İqor Babuşkini işə götürür.

Mask və Babuşkin arasında süni intellekt tədqiqatlarını davam etdirmək üçün komanda yaratmaq barədə müzakirələr aparıldığı, lakin layihənin hələ ilkin mərhələdə olduğu və konkret məhsulların hazırlanması ilə bağlı hələlik konkret planların açıqlanmadığı bildirilir.

Bildirilib ki, Babuşkin hələ də Maskın yeni təşəbbüsünü rəsmən imzalamayıb.

“OpenAI” tərəfindən hazırlanmış və əmr əsasında mətn, şeir və hətta kompüter kodu yaza bilən mətn əsaslı chatbot “ChatGPT”nin yaradıcılarından biri olan Mask 2018-ci ildə idarə heyətini tərk etdi.

3 dekabr 2022-ci ildə Mask “Twitter”də verdiyi açıqlamada “ChatGPT” qorxulu dərəcədə yaxşı olduğunu bildirib.