Gədəbəy sakinlərinin üzləşdikləri problemlər “Açıq mikrofon”da səsləndirildi

Gədəbəy rayonunda baş tutan “Açıq mikrofon” aksiyasında ümumilikdə 6 sakin qaz təchizatında üzləşdikləri problemləri səsləndirib.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, aksiya iştirakçılarından bəziləri elə yerindəcə müraciətləri ilə əlaqədar ətraflı şəkildə məlumatlandırılıb. Buna misal olaraq Slavyanka kənd sakini Validə Cabbarovanın fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı istəyini göstərmək olar.

Vətəndaşa bildirilib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

Müraciət edən Sürayə Əliyeva və Elxan Məmmədovun istəyi isə qapı keçidinin quraşdırılmasından ibarət olub. Aksiyada səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.