Bakıda diaqonal piyada keçidləri çəkilə bilər – EKSKLÜZİV

Dünyanın bir sıra ölkələrində istifadə edilən diaqonal piyada keçidləri Azərbaycanda, demək olar ki, yoxdur. Belə piyada keçidlərinin ölkəmizdə, xüsusən, Bakıda istifadə edilməməsinin səbəbi nədir? Ehtiyac yoxdur, yoxsa şəhərimiz diaqonal piyada keçidinə uyğun deyil?

İndex.az məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev ilə əlaqə saxladı.

BDYPİ-nin sözcüsü İndex.az-a bildirdi ki, DYP vətəndaşlar üçün yolun qısaldılmasının tərəfdarıdır:

“İnsanlar hər zaman özləri üçün ən qısa yoldan istifadə etməyə çalışırlar. Belə olan halda biz də onlar üçün yolu maksimum qısaltmağa çalışırıq ki, ya səbirsizlik edib, ya da tələsib qayda pozuntusuna yol verməsinlər. Diaqonal keçidlər isə yolu qısaltmağın ən yaxşı vasitələrindən biridir. Lakin belə piyada keçidləri qurularkən həmin küçədəki işıqforlar nəzərə alınmalı, ümumiyyətlə küçə diaqonal keçid üçün uyğun olmalıdır. DYP şəhərin hansısa bir hissəsinə nişan quraşdırarkən bir neçə yöndən analizlər aparır. Həmin küçədə quraşdırılacaq nişana ehtiyac olub-olmamasını, hansı problemi aradan qaldırıb, hansı problemi yarada biləcəyini analiz edir. Hətta bununla bağlı vətəndaşlar arasında sorğu da keçirilir. Yalnız bundan sonra nişanın quraşdırılıb-quraşdırılmamasına qərar verilir. Bu məsələ Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzarətindədir. BNA öz növbəsində hansısa küçəyə piyada keçidi çəkərkən çoxsaylı analizlər apararaq qərar verir. Əhalinin axın istiqamətini müəyyənləşdirib, küçədəki intensivliyi təhlil edirlər.  Diaqonal keçidlərin olması, təbii ki, yaxşı haldır. Lakin gərək küçə dioqonal keçidə hərtərəfli uyğun olsun”.

Mövzu ilə bağlı  Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov ilə əlaqə saxladıq.

Tərlan Səfərov İndex.az-a bildirdi ki, diaqonal keçidlər geniş yayılmış təcrübə deyil:

“Diaqonal keçidlər London, Pekin, Tokio kimi iri şəhərlərdə istifadə olunur. Lakin dünyanın əksər ölkəsində belə keçidlərə rast gəlmək mümkün deyil. Diaqonal keçidlərin çəkildiyi kəsişmələrdə 4 istiqamətdən gələn avtomobillərin hər biri dayanır. Eyni zamanda bu keçidlərə o zaman üz tutulur ki, həmin kəsişmədə dördtərəfli piyada keçidləri piyadalar üçün yetərli olmasın. Təbii ki, belə keçidlərin olması yaxşıdır. İlk növbədə hər istiqamətdə avtomobillərin dayanması təhlükəsizliyi artırır. Bakı şəhərində hal-hazırda diaqonal piyada keçidləri yoxdur. Lakin biz fəaliyyətə başlayanda Bakıda heç dördtərəfli piyada keçidləri belə yox idi. Dördtərəfli yolların 3 tərəfində piyada keçidləri olurdu. Fəaliyyətimiz dövründə təhlillər apararaq artıq şəhər mərkəzindəki bütün dördtərəfli yollarda 4-cü tərəfə də piyada keçidləri əlavə etmişik. İndi isə biz təhlil edirik ki, harada diaqonal piyada keçidinə ehtiyac var. Açığı, biz özümüz də belə bir təcrübəni tətbiq etmək istəyirik. Lakin təhlillərin nəticələrindən sonra bununla bağlı qərar veriləcək. Əgər dördtərəfli piyada keçidləri piyadalar üçün yetərli olmasa, bu zaman diaqonal piyada keçidlərindən istifadə edilə bilər”.