Ər və arvad icazəsiz avtomobili idarə edə bilməz – RƏSMİ AÇIQLAMA

Bu mövzu ətrafında bəzi ekspertlər sanki kimisə özlərinə “sağ ol” desin deyə “publikaya oynayır” və güya elə fikir yaradırlar ki, əslində icazə var, amma yol polisi bu məsələdə fikir ayrılığı yaradır. Qanun isə bu məsələdə kifayət qədər başa düşüləndir və yol polisi bu prosesdə yaradılmış yersiz müzakirələrdən vətəndaşların rastlaşa biləcəyi çətinlikləri, ziddiyyəti öz iş prosesində rastlaşdığı üçün bu məsələyə tam aydınlıq gətirməyə hazırdır.

Keçək bu hüququn izahına. Ailə Məcəlləsi 33.1-ci maddəsində deyilir: “Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər”. Burada qarşılıqlı razılıq əsasında ifadəsi sözlə, yəni “get mənim avtomobilimi sür” deməklə həll oluna bilən hüquq deyil, razılıq sözü sənədlə sübuta yetirilməlidir.

Nəzərə alaq ki, avtomobil də dövlət tərəfindən rəsmi qeydiyyata alınan bir mülkdür və onu idarə etmək “Yol Hərəkəti Haqqında Qanun”a əsasən, daha sonra isə İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin və onun qeyd hissəsində sahiblik hüququna aydınlıq gətirilmiş konkret anlayışlarla müəyyən edilib. Yəni bura lazım bilsəydilər nikah şəhadətnaməsi də əlavə oluna bilərdi, lakin həmin sənədin nə adı var, nə də ona istinad olunmaq üçün konkret tələb.

Ailə Məcəlləsində olan bu məqam elə Mülki Məcəllənin də 225.6-cı maddəsində eyni mənada və məzmunda verilib. Yəni heç nə dəyişmir.

Keçək Konstitutsiya Məhkəməsinin şərhinə. “Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlak üzərində sərəncam əqdini onlardan biri həyatə keçirirsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə həyata keçirir”… (Burada güman sözünə də diqqət edin. Konkretlik yoxdur, çünki birgə nikah zamanı əmlakın əldə olunması prosesi özü də ayrı bir mövzudur. Yəni bu birgə gəlirlərdən formalaşıb və ya alınan əmlak mülki mübahisələndirilərsə, sonda məhkəmə məsələyə nə qiymət verəcək, hamısı böyük suallar yaradır). Əvvəla, avtomobil rəsmi qeydiyyata alınır və qeydiyyat zamanı da hüquqlar qanunla müəyyən edilir.

Daha sonra avtomobili idarə edənlərin konret dairəsi və onların idarəetmə zamanı məsuliyyətlərinin müəyyən edilməsi də elə qanunla müəyyən edilib (İXM 332-ci maddəsi və onun qeyd hissəsi).

Bu qədər dərin mülki mübahisələr yaradan və daha sonra hər zaman məhkəmə mübahisəsi ilə bitə biləcək vəziyyəti yol polisi əməkdaşı yolda necə müəyyən edə bilər?

1. Yol polisi haradan bilməlidir ki, şəxslərin arasında nikah müqaviləsi var ya yoxdur? Bəlkə elə ər-arvad hərə öz mülkünə icazəlidir?
2. Bəlkə elə avtomobil kiminsə hədiyyəsidir və ya mükafat, uduş fondu hesabına əldə olunub.

Siyahını onlarla belə mübahisəli məqamlarla uzada bilərik.

Sözün qısası, bu mübahisələrin olmaması üçün ya İXM-nin 332-ci maddəsinə və onun qeyd hissəsinə nikah şəhadətnaməsi sözləri əlavə edilməklə dəyişiklik olunmalı və yaxuda avtomobil idarə etməyə verilərkən qanunda göstərildiyi kimi, qarşılıqlı razılıq sözlə yox, notarial formada rəsmiləşdirilməlidir.

Bütün bunları nəzərə alıb, DYP əməkdaşlarından yolda hakimin, məhkəmənin qərar qəbul edəcəyi məsələ ilə bağlı sürücülər tərəfindən mübahisə yaratmamağı tövsiyə edirik.

Əgər kimsə bu izahı qaneedici hesab etmirsə, rəsmi qaydada Ədliyyə Nazirliyinin Baş Qanunvericilik İdarəsinə eyni sualı rəsmi qaydada ünvanlaya bilər. Bizdən bu qədər!

Araz Əsgərli

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri əvəzi, polis mayoru