Bu ərazilərdən ev almaq – MƏSLƏHƏTDİR

Bakı şəhərinin mərkəzində yerləşən ərazi və evlərin qiyməti şəhərdən kənarda yerləşən ərazi və evlərin qiymətlərindən qat-qat yüksəkdir. İnfrastrukturun daha əlverişli olması baxımından şəhər əhalisi ev alarkən daha çox mərkəzə meyl edir. Lakin şəhər mərkəzindən ev almaq əhaliyə çox baha başa gəlir. Bəzi ərazilər isə şəhər mərkəzindən uzaq olsa da şəhərin inkişaf istiqaməti həmin ərazilərə tərəf meyllidir. Bu isə yaxın gələcəkdə belə ərazilərin dəyərlənəcəyini göstərir. Bəs bu ərazilər hansılardır?

İndex.az bu məsələ ilə bağlı mənzil bazarı üzrə ekspert Vüqar Orucun fikrini öyrənib.

Ekspert bunun zamanla müəyyən olunan bir məsələ olduğunu bildirdi:

“20 il əvvələ nəzər salsaq, görərik ki, bəzi ərazilərin infastrukturunun zəif olması, şəhər mərkəzinə uzaq yerləşməsi onların qiymətlərinin şəhərin mərkəzində yerləşən daşınmaz əmlakların qiymətlərindən geri qalmasına səbəb olurdu. İllər ötdükcə həmin yerlərdə metro stansiyalarının yaradılması, infrastrukturun inkişaf etməsi qiymətlərə də təsir etdi. Hal-hazırda həmin ərazilərdə mənzillərin qiymətləri şəhərin mərkəzindəki mənzillərin qiymətlərinə çox yaxındır. Lakin bu baxımdan ucuz olan ərazilərdə infrastruktur yaxşılaşmadıqca nə həmin ərazilər dəyərlənəcək, nə də əhali o ərazilərə axın edəcək. Ən azından o ərazilərdə hər-hansısa müsbət yeniliyin olacağı ilə bağlı ümid olmalıdır ki, kimsə oradan ev və ya torpaq almaq istəsin. “Xocasən” metro stansiyasının tikiləcəyi ilə bağlı xəbərlər çıxdıqdan sonra həmin ərazilərdəki ev və torpaqların qiymətlərində bahalaşma müşahidə olunmuşdu. Tikintisindən sonra isə qiymətlər daha da bahalaşıb. İlk növbədə qiymətin dəyişməsinə informasiya təsir göstərir. Daha sonra baş verən proseslər qiymət dəyişkənliyini inkişaf etdirir. Əhali öz komfortunu düşünərək ev almağa çalışır. Bakının ən komfortlu yeri isə, təbii ki, mərkəzidir. Çünki insanlar lazım ola biləcək hər şeyi burada tapa bilirlər. Lakin bu komfortun şəhər mərkəzindən kənarlara genişlənməsi həmin ərazilərində dəyərlənməsinə dəstək olur. Qonşu ölkə Türkiyəyə nəzər salsaq, görərik ki, İstanbulda artıq bəzi binalarda mənzillərin qiymətləri şəhər mərkəzindən kənarda olmasına baxmayaraq çox yüksəkdir və həmin ərazilərdə əhalinin məskunlaşması sürətlənib. Çünki həmin ərazilər həm şəhər mərkəzi kimi komfortlu, həm də daha sakitdir. Fikrimcə Hövsan, Pirallahı, Xocasən kimi ərazilərdə məskunlaşma getdikcə artacaq və həmin yerlərdə bahalaşma müşahidə olunacaq. Bahalaşma isə iki mərhələli ola bilər. İlk bahalaşma informasiyanın ictimaiyyətə çatdırılmasından sonra gözlənilənlir. İkinci bahalaşma isə çatdırılan informasiyanın həyata keçirilməsindən sonra başlayacaq. Bundan əlavə, qiymət artımını əhalinin axını da tənzimləyir. Çünki dövlət əhalinin sıxlıq yaratdığı ərazilərdə ehtiyac duyulduqda metro stansiyaları tikir, yeni marşrutları xəttə buraxır və infrastrukturun yaxşılaşdırılması prosesini sürətləndirir”.