Gələn il qlobal tələbin genişlənməsi və bu şəraitdə neft qiymətinin dinamikası, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft ixracının dinamikası Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır.
İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.
“Qiymətləndirmələrə görə 2022-ci ildə neftin hətta 50 ABŞ dolları qiymətində tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in təxminən 4%-i səviyyəsində profisit gözlənilir.
Azərbaycan iqtisadiyyatının real sektorunda cari ildə başlamış artımın 2022-ci ildə davam edəcəyi proqnozlaşdırılır. Rəsmi proqnozlara görə 2022-ci ildə real iqtisadi artım tempinin 3,9% , o cümlədən qeyri-neft sektoru üzrə 4,9% olacağı gözlənilir. Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaşdırıcı makroiqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artımının tədricən sürətlənməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin həyata keçirilməsi, kontr-tsiklik fiskal siyasət və makroiqtisadi sabitlik iqtisadi artım proqnozunun əsasını təşkil edir.
2022-ci ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaqdır. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 2021-ci ilə nəzərən 4,7% artacağı gözlənilir. Növbəti ildən büdcə qaydasının təkmilləşdirilməsi və tətbiqin bərpa edilməsi ilə qeyri-neft fiskal kəsirin azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”,- bəyanatda deyilir.