Bu il dünyada ciddi şəkildə taxıl problemi yaşanacağı proqnozlaşdırılır. Yaranmış vəziyyət Ukrayna və Rusiya müharibəsi fonunda daha da aktuallaşıb. Çünki müharibə edən hər iki ölkə eyni zamanda iri taxıl ixracatçılarıdır. Azərbaycan da hər il bu dövlətlərdən ərzaqlıq taxıl idxal edir. Dövlət qurumlarının açıqladığı rəqəmlərə əsasən, Azərbaycan ümumilikdə 1,3 milyon ton həcmində buğda idxal edir. Bu, ümumi buğda ehtiyatları balansı baxımından 40 faiz idxaldan asılılıq deməkdir. Un emalı sənayesinin tələbatına görə, idxaldan asılılıq səviyyəsi daha yüksəkdir. Hazırda un emalında buğdanın 75 faizi idxal mənbələri hesabına təmin edilir. Bu isə ortalama 1,3 milyon ton deməkdir. Bəs, görəsən, dünyada qıtlıq yarandığı halda, yerli fermerlərin məhsulları ərzaqlıq taxıl ehtiyatı kimi istifadə edilə bilərmi?
“Azərbaycanın kifayət qədər maliyyəsi var ki…”
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, Azərbaycanda əkilən buğdanın keyfiyyət baxımından istehlaka yararlı olanı da var, olmayanı da: “Bu il taxıl kifayət qədər çox əkilib. Eyni zamanda, Qarabağ azad edildikdən sonra həmin ərazilərdə də çox böyük əkin sahələri də istifadəmizə daxil olub. Onu qeyd edim ki, bu məsələnin gündəmə gəlməsi taxıl qıtlığı ilə bağlı yaranmış situasiyadır. Azərbaycanda taxıl qıtlığı gözlənilmir. Məndə olan məlumatlara görə, ehtiyat fondunda müəyyən qədər taxıl var”.
Deputat vurğuladı ki, ölkədə buğda və un qıtlığı olmaması üçün müəyyən ölkələrlə danışıqlar gedir: “Məqsəd də bu sahədə problemin olmaması ilə bağlıdır. Amma ümumi götürəndə dünyada ərzaqla bağlı problem var. Lakin Azərbaycanın valyuta ehtiyatı və kifayət qədər maliyyəsi də var. Ona görə də, inanmıram ki, Azərbaycanda hansısa problem yaşansın”.
“Yerli taxılın müəyyən hissəsindən istifadə olunur”
V.Əhmədov qeyd etdi ki, Azərbaycanda əkilən taxılın müəyyən hissəsindən un istehsalında istifadə olunur: “Amma elə taxıl var ki, bundan istifadə mümkün deyil, yalnız heyvan yeminə yönəldilir. Bir daha qeyd edirəm ki, son vaxtlar işğaldan azad olunmuş ərazilər də nəzərə alınmaqla Azərbaycanda kifayət qədər taxıl əkilir. Eləcə də, digər ölkələrlə danışıqlar aparılır və bir sözlə, bu sahədə ciddi iş gedir. Bütün məsələlər dövlət başçısının birbaşa nəzarəti altındadır. Bir məqama diqqət edək ki, bununla bağlı ayrıca agentlik yaradıldı. Əvvəllər Dövlət Taxıl Fondu Fövqəladə Hallar Nazirliyinin tərkibində idi, amma indi ayrıca qurum kimi bu məsələlərlə məşğul olur. Əgər bu gün dövlətin vəsaiti, pulu varsa və taxıl lazım olarsa, onu Braziliyadan, Kanadadan alıb gətirəcək. Onu da deyim ki, bizimlə çox yaxın olan Pakistan Azərbaycana istənilən qədər taxıl verməyi təklif edib”.
“8-9 aylıq buğda ehtiyatımız var”
İqtisadçı Xalid Kərimli bildirdi ki, Azərbaycan taxıla olan ümumi ehtiyacının 57-58 faizini daxili yığım hesabına həyata keçirə bilir: “Hasilatdan asılı olaraq yerdə qalan taxılı xaricdən idxal edirik. 40-42 faiz taxılı müxtəlif ölkələrdən idxal edirik ki, burada əsas yeri Rusiya tutur. Yəni ərzaq üçün taxılı Rusiya, Ukrayna və Qazaxıstandan idxal edirdik ki, indiki məqamda Ukraynanı bu sıralamadan çıxarırıq. Rusiya və Qazaxıstanla əlaqələrimiz qaydasındadır. Məlum məsələlərə görə heç bir dünya ölkəsi Ukrayna ilə ixracı təşkil edə bilmir. Bütün bunlara baxmayaraq, Azərbaycanda taxıl problemi gözlənilmir. Hələ 8-9 aylıq buğda ehtiyatımız var. Eyni zamanda, taxıl və un məhsullarının təkrar ixracı üzərində də İqtisadiyyat Nazirliyinin nəzarəti var. Yəni narahatlığa əsas yoxdur. Hələlik isə ümumi şəkildə bahalaşma riski ilə üzləşə bilərik”.
“Bu plan reallaşana qədər…”
Ekspertin sözlərinə görə, daxili yığım hesabına 57-58 faiz toplanan taxılın əhəmiyyətli hissəsi ərzaqlıq taxıl standartına cavab vermir: “Yerli istehsalın 25 faizi vasitəsilə ərzaqlıq taxıl tələbatımızı ödəyə bilirik. 75 faiz ərzaqlıq taxıl xaricdən idxal olunur. Hazırda hökumət daxili yığım hesabına 25 faizlik ərzaqlıq taxıl həcmini 75 faizə qədər qaldırmağı planlayır. Bunu aqrotexniki qaydalar, işğaldan azad edilmiş ərazilərdəki dəmyə taxıl əkini hesabına həyata keçirmək istəyir. İşğaldan azad edilmiş ərazilərdə taxıl üçün təqribən 200 min hektar yararlı torpaq var ki, bunun da yarısında əkin işləri aparılır. Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurdakı əkin yerlərindən istifadə edəndən sonra Azərbaycanın taxıl ehtiyacının 63-65 faizə qədərini yerli istehsal hesabına ödəyəcəyik. Amma bu plan reallaşana qədər idxaldan asılı olacağıq. Təbii ki, işğaldan azad edilmiş ərazilərdəki əkin hesabına hasilat artacaq və bu da problemləri bir az yumşaldacaq”.
“Ümid var ki…”
X.Kərimli qeyd etdi ki, Azərbaycanın torpaq ehtiyatları taxıl ehtiyacımızı tam ödəməyə imkan vermir: “Torpağın aqrotexniki qaydaları var. Bir ərazini hər il əkəndə məhsuldarlıq aşağı düşür, ona görə də, torpaq dincə qoyulmalıdır. Ümumilikdə Azərbaycan taxıl problemini yumşaltmaq üçün addımlar atır, subsidiyalar verir, yeni əkinlər həyata keçirir. Ümid var ki, ərzaqlıq taxılın 25 faizlik indiki istehsal səviyyəsini də artıracağıq, amma asılılıq yenə də qalacaq”.
Kaspi.az