SOCAR-ın Türkiyədəki birgə şirkətlərindən biri “SOCAR Turkey Yatırım” Anonim Şirketi (STYAŞ) 2021-ci ildə gəlirlərinin böyüməsinə rəğmən zərər edib.
Index.az xəbər verir ki, bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
“SOCAR Turkey Yatırım A.Ş.” ötən il ərzində illik müqayisədə 78% çox, yəni 10 milyard 439 milyon manat (ekvivalentlə hesablanır) gəlir əldə edib. Nəzərə alsaq ki, 31 dekabr tarixinə TRY/AZN-nin rəsmi məzənnəsi 0.1329 səviyyəsində idi, o zaman 78 milyard 548 milyon Türk lirəsi deməkdir.
Amma bununla belə satışların maya dəyəri öncəki ildə 6 milyard 135 milyon manat ekvivalentində olduğu halda 2021-ci ildə bu rəqəm 10 milyard 094 milyon manata yüksəlib. Bununla da onun mənfəəti 345 milyon manat təşkil edib. Bu yaxşı göstəricidir. Çünkü ötən ilki satışlar mayasını belə ödəməmişdi.
Bununla da digər gəlirlər və xərclər fərqindən sonra STYAŞ 2021-ci ili də 602 milyon manat, yaxud həmin dövrdəki məzənnə ilə 4 milyard 530 milyon türk lirəsi zərər edib. Öncəki ildəki zərəri isə 710 milyon manat idi.
Ona verilmiş audit rəyində qeyd edilir ki, 2021-ci il ərzində SOCAR birgə müəssisəsi olan “SOCAR Turkey Yatırım A.Ş.” səhmdar kapitalına 186 milyon məbləğində əlavə vəsait qoyuluşu edib. Bildirək ki, 2020-ci il ərzində əhəmiyyətli kapital qoyuluşları edilməmişdi.
2015-ci ildə SOCAR “STYAŞ”ın törəmə müəssisəsi “Star” Emal zavodunun tikintisi ilə əlaqədar akkreditiv razılaşmaları imzalanıb. SOCAR-ın 2021-ci ildə cəmi 35 milyon manat (2020-ci il: 28 milyon manat) məbləğində ödədiyi komissiya haqları və faizlər STYAŞ-a əlavə investisiya kimi tanınıb.