Pandemiya ilə əlaqədar bir çox ölkələrə giriş zamanı tətbiq olunan məhdudiyyət və tələblərin aradan qaldırıldığı müşahidə edilir.
İndex.az xəbər verir ki, bu barədə açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Müsahibimiz bəzi Avropa ölkələrinə giriş üçün vaksin pasportunun tələb edilmədiyini bildirib:
“Artıq turizm sektorunun reabilitasiya dövrü başlayıb. Kütləvi vaksinasiyalardan sonra reyslərin açılması ilə bağlı ölkələrə giriş qaydalarında müəyyən güzəştlər edilib. Fransa, Almaniya, İtaliya, İspaniya istisna olmaqla digər Avropa ölkələri ÜST-ün qeydiyyatından keçmiş bütün vaksin pasportlarını qəbul edir və onunla turistlərin sərbəst səyahət etməsinə icazə verir. Avropada gündəlik olaraq karantin qadağaları aradan qaldırılır və qaydalar yenilənir. Macarıstan və Litva artıq turistlərdən vaksin və ya PCR testi tələb etmir. Almaniyada hazırda yeni qaydalar üzərində işlənilir və yaxın günlərdə bütün qadağaları aradan qaldıracaq. Hər gün Avropa ölkələrində pandemiya ilə bağlı yüngülləşmə prosesi gedir. Buna baxmayaraq Avropa ölkələrinə girişdə viza məsələlərində problem yaranır. Şengen ölkələrinə gedərkən sərhəddə vaksin pasportu tələb edilməsə də, viza proseduru zamanı sənədlər arasında vaksin pasportu da tələb olunur”.
R.Quliyev şərq ölkələrinə girişlə bağlı tətbiq olunan qadağalardan da danışıb:
“Birləşmiş Ərəb Əmirliklərinə giriş üçün vaksin pasportu olanlardan PCR test tələb edilmir. Körfəz ölkələrinin əksəriyyətində, İran, İordaniya, İndoneziya, Malayziya kimi dövlətlərdə sərhəddən keçid zamanı vaksin pasportu olanlarda PCR testi istənilmir. Amma vaksin pasportu olmayanlar PCR testi verməlidir. Orta Asiya ölkələrinə giriş zamanı da vaksin pasportu yoxdursa, 72 saat müddəti olan PCR testi istənilir”.
Mənbə – Banker