2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinə 39,8 milyon manat vəsait ayrılacaq.
İndex.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 10,7 % çoxdur.
O cümlədən, gələn il büdcədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 9,6 milyon manat (bu ilə nisbətən 20,4 % az), Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 6,9 milyon manat (6,4 % az), Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 4,9 milyon manat (8,7 % çox), Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 13,6 milyon manat (12,3 % çox), Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün isə 4,9 milyon manat (bu il olmayıb) nəzərdə tutulub.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.
Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər – 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.