Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 48,4 milyard manat təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bu, 2023-cü ilin 11 ayı ilə müqayisədə 2,9 milyard manat və ya 5,65 % azdır.
Bu ilin yanvar-noyabr aylarında sənaye məhsulunun 76 %-i mədənçıxarma, 20,8 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin dekabrın 1-nə 392,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 47,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Qeyd edək ki, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-noyabr aylarında 58,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 1,1 % artıb. Məhsul istehsalı neft-qaz sektorunda 0,6 %, qeyri neft-qaz sektorunda isə 7,2 % artıb.