“General Motors” səhmlərini LG-yə satır

“General Motors” (GM) Miçiqandakı akkumulyator fabrikindəki paylarını “LG Energy Solution” şirkətinə satacağını açıqladı.

İndex.az xəbər verir ki, GM-dən verilən açıqlamada qeyd olunub ki, “Ultium Cells” şirkətinin Miçiqan ştatının Lansing şəhərində demək olar ki, tamamlanan akkumulyator batareyası obyektindəki paylarını ortaq müəssisə ortağı “LG Energy Solution” şirkətinə satmaq üçün razılıq əldə olunub.

Açıqlamada, alışın 2025-ci ilin birinci rübündə başa çatdırılmasının gözlənildiyi və əməliyyatın GM-in “Ultium Cells”dəki sahiblik payını dəyişmədiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, GM öz elektrikli avtomobillərinə artan tələbatı ödəmək üçün Ohayo və Tennessi ştatlarında “Ultium Cells” qurğularından istifadə etməyə davam edəcək, “LG Energy Solution” isə avadanlıqların quraşdırılmasına başlamaq üçün demək olar ki, tamamlanan Lansing obyektinə çıxış əldə edəcək.

“Ultium Cells Lansing”in hazırda təxminən 100 işçisi olduğuna diqqət çəkən açıqlamada, şirkətin daha əvvəl elan edilmiş məşğulluq öhdəliklərini yerinə yetirmək yolunda olduğu vurğulandı.