“Apple” 100 milyon dollar təklif etdi, İndoneziya rədd etdi

“Apple”in İndoneziyada çətin mübarizəsi davam edir.

İndex.az xəbər verir ki, texnologiya nəhəngi ölkədə “iPhone 16” satış qadağasını aradan qaldırmaq üçün 1,6 trilyon Rupiah (təxminən 100 milyon dollar) dəyərində investisiya təklifi üçün təsdiq ala bilmədi.

İndoneziya Sənaye Nazirliyi bu təklifi qeyri-adekvat hesab edib və “iPhone 16″nın idxalını və istifadəsini qadağan etmək qərarını davam etdirdiyini açıqlayıb.

Oktyabr ayında İndoneziyanın Sənaye Naziri Agus Qumiwang Kartasasmita “iPhone 16″nın “Apple”in investisiyalarını artırmadığı və yerli komponentlərin istifadəsi meyarlarına cavab vermədiyi səbəbiylə ölkəyə girişinin qadağan edildiyini açıqlamışdı.

İndoneziya qanunlarına görə, smartfonlarda istifadə olunan komponentlərin və ya istehsal proseslərinin ən azı 40 faizi yerli mənbələrdən olmalıdır.

Nazirlik, “Apple”in təklifinin digər ölkələrdəki investisiyaları ilə müqayisədə kafi olmadığını və məşğulluq yaradılması kimi gözləntiləri qarşılamadığını bildirib. Bundan əlavə, “Apple”in İndoneziyadan əldə etdiyi gəlirlə təklif etdiyi investisiya təklifi arasındakı balanssızlıq da diqqət çəkib. Şirkətin 2022-ci ildə ölkədə 2,61 milyon cihaz sataraq 30 trilyon Rupiah (1,88 milyard dollar) gəlir əldə etdiyi bildirilir.