SOCAR və BP qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) və BP bu gün enerji təchizatı təhlükəsizliyinin artırılması mədsədilə beynəlxalq neft və qaz “upstream” (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən Anlaşma Memorandumu imzalayıblar.

İndex.az SOCAR ilə BP-nin birgə məlumatına istinadən xəbər verir ki, memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcək.

Memorandum həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir.

“Azərbaycan üçün tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə təsadüf edən bu saziş SOCAR ilə BP arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrində yeni səhifə açır. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarlarında əsas təchizatçılarından birinə çevrilməsini təmin etdi. Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyamıza uyğun olaraq, bu gün biz gələcəkdə təhlükəsiz və dayanıqlı enerji təchizatını təmin etmək üçün yeni imkanları araşdırır, bu istiqamətdə birgə fəaliyyətimizi davam etdiririk”, – SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

“Bu gün biz SOCAR-la yeni əməkdaşlıq erasının təməlini qoyuruq. Biz 30 ildir ki, Azərbaycanın neft və qaz ehtiyatlarının uğurla işlənməsində birgə çalışırıq və bu uğurlar ölkənin həm region, həm də dünya üçün etibarlı enerji təchizatçısı rolunu təmin etmişdir. İndi isə regionda və qlobal miqyasda yeni əməkdaşlıq sahələrini axtarmaq və yeni tərəfdaşlıq imkanlarına başlamaq vaxtıdır. Biz birlikdə daha çox iş görə bilərik. Dünyaya bu gün ehtiyac duyduğu enerjini təmin etmək üçün səylərimizi birləşdirərək SOCAR-la əməkdaşlığın yeni səhifəsinə başlamaqdan çox məmnunuq”, – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd edib.