“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP, MOL, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və “ONGC Videsh” şirkətləri ilə birlikdə bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Azəri və Çıraq yataqları və Günəşli yatağının dərinsulu hissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalayıblar.

Index.az BP-yə istinadən xəbər verir ki, bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilir. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmlərdə – 4 trilyon kub futadək olduğu düşünülür.

Yeni qaz sazişi bu gün Bakıda Neftçilər Günü və AÇG üzrə HPBS-nin imzalanmasının 30 illiyinə həsr olunmuş tədbirdə təntənə ilə qeyd olunub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, ABƏŞ-in prezidenti Qəri Counz və AÇG-nin tərəfdaş şirkətlərinin yüksək səviyyəli rəhbərləri iştirak ediblər.

“Bu gün Azərbaycanın enerji sektoru üçün əlamətdar gündür. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin bu əlamətdar ildönümündə yeni qaz sazişinin imzalanması SOCAR üçün yeni strateji mərhələdir. Azərbaycan qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi enerji ehtiyatlarının daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirir. Bu layihə tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirəcək”, – SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel STQ layihəsinə başlamaqdan məmnunluğunu bildirib: “Çünki biz AÇG-nin sərbəst qaz ehtiyatlarının işlənməsində böyük potensial görürük. Bu gün AÇG üçün həqiqətən tarixi bir gündür. Məhz öz 30 illiyində AÇG-nin möhtəşəm neft uğurları ilə yanaşı təbii qaz layihəsi ilə yeni yola çıxması çox əlamətdardır.

Son 30 ildə Azərbaycanın nəhəng dəyişiklikləri ölkəni dünyanın mühüm enerji təchizatçılarından birinə çevirmiş AÇG ilə bağlıdır. Amma bugünkü saziş də, bəlkə, ilkin HPBS qədər əhəmiyyətlidir, çünki o, AÇG-nin tarixində ilk dəfə kommersiya qazının ixracına imkan verməklə bu əfsanəvi yatağın iqtisadi dəyərini daha da yüksəldəcək və Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarını dəstəkləyəcək”.

Sənəd 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək qüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

AÇG tərəfdaşlarının STQ layihəsində iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: BP (30,37 %), SOCAR (25 %), MOL (9,57 %), INPEX (9,31 %), Equinor (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), ONGC Videsh (2,31 %).