Bakı metrosunda texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki tətbiq ediləcək

Sentyabrın 16-dan Bakı metropolitenində qatarların hərəkəti payız-qış mövsümünün tələblərinə uyğun qurulacaq.

İndex.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, fəal istirahət dövrünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, qatarların yeni hərəkət qrafiki təsdiq edilib.

Yaşıl və Qırmızı xətlər üzrə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər olacaq. Qeyd edilən vaxtlarda Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki tərtib edilməklə, ən aşağı intervallar tətbiq olunacaq. Bu xüsusda həmin vaxtlarda “Həzi Aslanov-28 May” istiqamətində və əksinə qatarlar arasında ən aşağı interval 2 dəqiqə olacaq. Qeyd edilən hərəkət sahəsində günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox təşkil edəcək.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

“Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər qatarlar arasında interval 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.

Təqvim üzrə digər istirahət, bayram və kütləvi tədbirlərin keçiriləcəyi günlərdə sərnişinlərin axın hərəkətinə uyğun olaraq, qrafikə ediləcək əlavə dəyişikliklər barədə ictimaiyyətə əvvəlcədən məlumatlar veriləcək.

Məlumdur ki, Yaşıl və Qırmızı xətlərin qatarları yalnız “Nərimanov” elektrik deposundan hərəkətə başlayır. Metropoliten xətlərinin mürəkkəb texniki xüsusiyyətlərinə görə bu hallarda intervallar fərqli olacaq. Gün ərzində “Bakmil” istiqamətində qatarların hərəkət cədvəlinə uyğun olaraq, xəttə qatar buraxıldıqda və xətdən çıxdıqda “Həzi Aslanov” stansiyasından ardıcıl iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkəti mümkündür. Bundan savayı, həmin vaxtlarda “Həzi Aslanov-Nərimanov” sahəsində intervallar qeyd edilən vaxtlardan iki dəfə artıq olacaq. Bu məqamlar da nəzərə alınaraq, Bakı metropolitenində müntəzəm monitorinqlər aparılacaq. Hərəkətin ən gur saatlarında qatarların “Memar Əcəmi” və “Neftçilər” stansiyasından dövr etməklə sərnişin axınının mümkün qədər tənzimlənməsi, digər vaxtlarda isə ehtiyat qatarlardan istifadə olunması təmin ediləcək.

Bundan savayı, tədris ilinin dərs növbələri arasında mümkün sıxlığın aradan qaldırılması məqsədilə mövsümün gedişində ehtiyat qatarların xəttə verilməsi vaxtları müəyyənləşdiriləcək.

Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib.

Yeni qrafikin 2025-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.

“Bakmil” stansiyasına və əksinə qatarların yeni hərəkət cədvəlləri sentyabr ayının 15-nə qədər metro.gov.az saytının müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) yerləşdiriləcək.

Stansiyaların digər infrastrukturu və mühəndis-texniki qurğularının fəaliyyəti ilə bağlı müntəzəm monitorinqlər də aparılacaq. Tətbiq ediləcək bu və digər yeniliklər və dəyişikliklər barədə ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq.

“Bakı Metropoliteni” QSC gözlənilən sərnişin sıxlığı ilə əlaqədar istifadə qaydalarına, ələlxüsus platformalarda qatarları gözləyərkən ehtiyatlı və diqqətli olmağı tövsiyə edir. Sərnişinlərdən qatarlardan minib-düşənlərə yol vermək, vaqona minərkən qapı zonasında və stansiya platformalarının eskalator meydançalarında yubanmamaq və dayanmamaq xahiş olunur. Həmçinin sanitariya və gigiyena normalarına riayət edilməsi, diqqəti yayındıran elektron və digər vasitələrdən mümkün qədər az istifadə olunması da xüsusi olaraq vacibdir.

“Unutmayaq ki, bir sərnişinin qaydalara riayət eməməsi minlərlə insanın narahatlığına, mənzil başına yubanmasına səbəb olur. Buna görə hər bir sərnişindən qaydalara yuxarıda sadalananları nəzərə almasını bird aha rica edirik”, – deyə qurumun məlumatında deyilir.