“Kəpəz” TV-də kütləvi ixtisarlar gedir?

Gəncədə fəaliyyət göstərən Kəpəz Müstəqil Teleradio Şirkətində işçilərin kütləvi şəkildə ixtisar edilməsi ilə bağlı iddialar yayılıb.

İndex.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya adının açıqlanmasını istəməyən və işdən çıxarıldığını deyən keçmiş əməkdaşlar müraciət ediblər.

Onların iddiasına görə, şirkətdə bir neçə aydır davam edən ixtisarlar yekunlaşıb: “Əksər işçilər televiziya ilə 20-25 illik əməkdaşlığı ola-ola işsiz qalıblar. Demək olar ki, bütün işçilər ixtisar olunub. Deyilənə görə, “Kəpəz” TV televiziya və radio yayımlarını ancaq film və musiqi ilə davam etdirəcək”.

Şikayətçilərin sözlərinə görə, bu hal Gəncədə ilk deyil. 2012-ci ildə “Alternativ” TV-də də kütləvi ixtisarlar olub və sözügedən kanalın efirində musiqi yayımlanmağa başlanılıb. Lakin bir müddət sonra bu tezlik tamamilə efirdən yığışdırılıb. Onlar “Kəpəz” TV-nin də bu aqibəti yaşayacağını düşünürlər.

Artıq kanalın xəbər aparıcısı Səkinə Nadirqızı da sosial şəbəkə hesabında sonuncu dəfə efirə çıxdıqlarını bildirərək video paylaşıb və izləyicilərlə sağollaşıb.

Məsələ ilə əlaqədar şirkətin rəhbər şəxsləri ilə günlərdir, əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Audiovizual Şuradan isə sorğumuza cavab olaraq bildirildi ki, Kəpəz Teleradio Şirkətindən lisenziya ilə bağlı hər hansı müraciət daxil olmayıb: “Kəpəz Teleradio Şirkəti Audiovizual Şuraya lisenziyanın dəyişdirilməsi və ya ləğvi ilə bağlı müraciət etməyib. Hansısa işçilərin ixtisarı, dəyişdirilməsi isə şirkətin öz daxili işidir”.