“Avrora” MMC və “İstisu” mineral su zavodu arasında partnyorluq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən “Avrora” MMC “İstisu” brendi adı altında istehsal olunan təbii mineral suların Azərbaycan üzrə ticarət nöqtələrinə satışını həyata keçirəcək. “İstisu” təbii mineral sularının istehlakçılara əlçatanlığını təmin etmək üçün “Avrora” şirkəti 12000-dən çox ticarət nöqtəsinə məhsulların dağıtımını edəcək.
Məlumat üçün bildirək ki, mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” təbii mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Aparılmış tədqiqatlara görə, suyun tərkibinin hidrokarbonat, sulfat və natriumla zəngin olması səbəbindən “İstisu” suyu “hidrokarbonatlı, sulfatlı və natriumlu təbii mineral su” kimi təsnif edilir.
Kəlbəcərin İstisu qəsəbəsində SSRİ dövründə də zavod fəaliyyət göstərmişdir. Lakin erməni işğalı zamanı bir çox iqtisadi mərkəzlərimiz kimi “İstisu” sanatoriyaları və zavodu dağıdılıb istifadəsiz qalmışdı. Qarabağda tarixi zəfərimizdən sonra “İstisu” təbii mineral su zavodunun təməli 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub və zavodda quruculuq işləri 2024-cü ildə tam başa çatdırılıb. 2024-cü ilin sentyabrın 2-sində isə zavodun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə rəsmi açılışı olub.