Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Tatneft” publik səhmdar cəmiyyəti sürtkü materiallarının istehsalı üzrə birgə müəssisə yarada bilər.
“Report” xəbər verir ki, bu barədə “SOCAR RUS” MMC-nin (SOCAR-ın törəmə müəssisəsi) baş direktoru Rüfət Mahmud məlumat verib.
“SOCAR “Tatneft”lə sıx əməkdaşlıq edir. Tərəflər artıq iki Yol Xəritəsi imzalayıblar. Söhbət neft məhsullarının ticarəti və emalı üzrə birgə müəssisələrin yaradılması ideyalarından gedir. Sürtkü materiallarının birgə istehsalı ilə bağlı məsələlər müzakirə olunur”, – R.Mahmud bildirib.
O əlavə edib ki, bu cür istehsal Azərbaycan və ya üçüncü ölkələrin ərazisində təşkil oluna bilər.
“Bunun üçün Rusiya bazarı nəzərdən keçirilmir. Çünki burada bazar artıq keyfiyyətli məhsul istehsal edən yerli istehsalçılar tərəfindən kifayət qədər dolğun təmsil olunub”, – baş direktor vurğulayıb.
O əlavə edib ki, Rusiyanın “SIBUR” şirkəti ilə də analoji planlar var.
“Rəqiblərlə həm dost olmaq, həm də ünsiyyət qurmaq lazımdır və biz çox şey öyrənirik. Bizim çoxlu birgə təşəbbüslərimiz var. Bura istehsalın rəqəmsallaşdırılması və neft-kimya məhsullarının istehsalı sahəsində təcrübə mübadiləsi daxildir. Eyni zamanda, yeni bazarlara birgə çıxış imkanları da nəzərdən keçirilir”, – “SOCAR RUS”un rəhbəri bildirib.
Xatırladaq ki, 2023-cü ilin noyabr və 2024-cü ilin may aylarında SOCAR və “Tatneft” arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlığa dair Yol xəritələri imzalanıb.