“Uber” cərimələndi: Sürücülərin məlumatları ABŞ-a ötürülür

Taksi sifarişi və yeməklərin çatdırılması xidmətlərini göstərən ABŞ-ın “Uber Technologies” şirkəti Niderlandlarda 290 milyon avro cərimələnib.

İndex.az xəbər verir ki, bu barədə “MarketWatch” nəşri yazır.

Nəşrin məlumatına görə, şirkət avropalı sürücülər haqqında məlumatlar ABŞ-a ötürülməkdə günahlandırılır.

Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) şirkətin ABŞ-dakı serverlərdə avropalı sürücülər haqqında məlumatları saxlamaqla Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydasını pozduğunu bildirib.

Bu məlumatlara bank rekvizitləri, fotoşəkillər və şəxsiyyəti təsdiq edən sənədlər, bəzi hallarda isə cinayət qeydləri və tibbi məlumatlar daxildir. Sürücülər Fransada baş vermiş qayda pozuntuları ilə bağlı şikayət ediblər və şirkətin Avropadakı baş ofisi Niderlandlarda yerləşdiyi üçün cərimə bu ölkəyə ödənilib.

Öz növbəsində “Uber” cəriməyə etiraz etməyi planlaşdırır.