Naxçıvan aeroportunda sərnişin sıxlığı: 12 reys həyata keçirəcək

Hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə edilir.

Bu barədə İndex.az-a “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən, Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay mövsümündə intensiv uçuş cədvəlinə baxmayaraq, sərnişinlərin Naxçıvandan Bakıya daşınması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Mövcud vəziyyətin həlli məqsədilə AZAL Naxçıvana əlavə təyyarələr göndərəcək ki, bu da sərnişinlərin Bakıya çatdırılma prosesini sürətləndirməyə imkan verəcək.

Qeyd edək ki, bu gün bu marşrut üzrə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət 12 reys həyata keçirəcək.