Azərbaycan və Rusiya 2,5 milyard dollarlıq ticarət aparıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 572,778 milyon ABŞ dolları təşkil edib.

İndex.az-ın Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə istinadən apardığı hesablamalara görə, bu, ötən ilin 7 ayı ilə müqayisədə 5,2 % çoxdur.

Bildirilib ki. hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin 9,6 %-i Rusiyanın payına düşüb. Bu müddətdə Azərbaycan Rusiyaya 656,046 milyon ABŞ dolları dəyərində mal ixrac edib, əvəzində bu ölkədən 1 milyard 916,732 milyon ABŞ dolları dəyərində mal idxal edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 7,8 % az və 10,6 % çoxdur.

Hesabat dövründə Rusiyaya ixrac Azərbaycanın ümumi ixracının 4,1 %-i, Rusiyadan idxal isə Azərbaycanın ümumi idxalının 17,8 %-i qədər olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 359 milyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 17,5 % çoxdur.

Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ixrac etdiyi ölkələrin sırasında ilk yeri tutur. Bu ilin 7 ayında Azərbaycan bu ölkəyə 641,087 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu da Azərbaycanın ümumi ixracının 34,2 %-i deməkdir.