Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağında yeni hasilat quyusunu istismara verib.
İndex.az SOCAR-a istinadən xəbər verir ki, “Günəşli” yatağında mürəkkəb 341a saylı quyu yan lülə qazmasından sonra gündəlik 32 ton hasilatla işə düşüb.
Bildirilib ki, quyuda baş verən mürəkkəbləşmələrə baxmayaraq, SOCAR əməkdaşlarının birgə səyləri nəticəsində uğurlu nəticə əldə edilib.
Xatırladaq ki, “Günəşli” yatağı Bakı şəhərindən 120 km şərqdə, “Neft Daşları” yatağından 12 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Günəşli” qırışığı “Çilov-Neft Daşları” antiklinal qırışıqlıq qurşağına daxildir. Yataqda dənizin səviyyəsi 80-300 metr aralığında dəyişir. Yatağın uzunluğu 12,5 km, eni 4 km-dir.
Hazırda “Günəşli” yatağında, ümumilikdə, 370 quyu qazılıb ki, onlardan 279 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201,3 milyon ton neft (kondensatla birlikdə), 127 milyard m3-dən çox qaz hasil olunub.
Qeyd edək ki, “Günəşli” yatağında maksimum hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6,7 milyon ton neft çıxarılıb. Maksimal qaz hasilatı isə 2008-ci ildə 6,6 milyard kubmetr olub. Hazırda yataq işlənmənin III mərhələsindədir. Yataq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft-qazçıxvarma İdarəsi tərəfindən istismar olunur.