Cənubi Qafqazda ilk: Azərbaycanda qlükoza fruktoza siropu istehsal olunacaq

Cənubi Qafqazda nişastanın emal məhsulları istehsalı üzrə ixtisaslaşmış yeganə qarğıdalı emalı müəssisəsi olan “CPC” MMC-nin Oğuz rayonunda yerləşən istehsal müəssisəsində yeni istehsal xətti istifadəyə verilib.

İndex.az xəbər verir ki, MMC-dən verilən məlumata görə, qlükoza fruktoza siropunun (GFS) istehsalı xəttinin günlük istehsal gücü 55-60 tondur. Yeni sahədə istehsal edilən xammalın 30 faizdən çoxu artıq ixrac olunmağa başlayıb.

Yeni istehsalına başlanılmış qlükoza fruktoza siropu sərinləşdiri içkilərdə, mürəbbə, qatlaşdırılmış süd, peçenye və digər istehsal sahələrində geniş istifadə edilir.

Qeyd edək ki, qarğdalıdan alınan qlükoza fruktoza siropunun bir çox üstünlükləri var. O, orqanizm tərəfindən tez mənimsənilir, istifadəsi müxtəlif qida məhsullarının və içkilərin kalorisini 1/3 qədər azaltmağa imkan verir, şəkərin tam əvəzedicisidir. Qlobal bazarda GFS öz xüsusiyyətlərinə görə çuğundur və qamış şəkəri ilə rəqabət apara bilir.

2011-ci ildə fəaliyyətə başlayan “CPC” MMC turşu qlükoza siropu, qarğıdalı nişastası, fermentativ qlükoza siropu, maltoza və qlükoza fruktoza siropu istehsal etməklə fəaliyyət dairəsini genişləndirir.

Oğuz rayonunda yerləşən və qarğıdalı emalı üçün çevik, sürətli və səmərəli texnoloji həllər təklif edən peşəkar avadanlıqlara malik zavodun istehsal gücü ildə 30 min tondur.

13 ildir fəaliyyət göstərən müəssisə çörək, şirniyyat və qənnadı məmulatları, sərinləşdirici içkilər, karton və kağız sənayesi, heyvan yetişdirilməsi, ət məhsulları, tekstil və digər sənayedə məhsul istehsalında istifadə ediləcək xammal emalını həyata keçirir.  Məhsulların böyük qismi Gürcüstan, Türkmənistan, Özbəkistan və Türkiyəyə ixrac edilir.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı