Yaponiyanın gənc "Dirçəlişə Yol" partiyasına süni intellekt rəhbərlik edəcək.
İndex.az bu barədə “The Japan Times” nəşrinə istinadən məlumat verib.
"Dirçəlişə Yol" partiyası bu ilin yanvar ayınında kiçik Akitakata şəhərinin keçmiş meri Şinci İşimaru tərəfindən təsis edilib. Süni intellekt partiya rəhbəri vəzifəsinə liderin iyunda Tokio Assambleyasına və iyulda ölkə parlamentinin yuxarı palatasına keçirilən uğursuz seçkilərdən sonra istefa verməsindən sonra təyin edilib. Partiyanın bütün namizədləri məğlub olub.
Daxili partiya seçkilərini süni intellekti öyrənən 25 yaşlı aspirant Koki Okumura qazanıb. Qələbədən sonra o, liderin süni intellekt olacağını, özünün isə baş köməkçi olacağını bildirib.
"Dirçəlişə Yol" partiyasının dəqiq siyasi platforması yoxdur. Partiya üzvləri öz proqramlarını formalaşdıra bilərlər. Okumura izah edib ki, süni intellekt üzvlərə siyasi planda necə hərəkət etməyi diktə etməyəcək. O, maliyyə və digər resursların partiya üzvləri arasında bölüşdürülməsi ilə məşğul olacaq.
