"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) istixana emissiyalarındakı payı 0,5 %-dən azdır.
İndex.az xəbər verir ki, bunu ADY-nin sədri Rövşən Rüstəmov səəhmdar cəmiyyətinin dekarbonizasiya üzrə layihəsinin təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycan istixana qazı emissiyalarının azaldılması ilə bağlı iddialı milli hədəflər müəyyən edib: "Söhbət 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmaqdan gedir. Ölkənin əsas nəqliyyat qurumlarından biri olaraq, ADY təkcə bu hədəfləri dəstəkləmir, həm də özünü bu hədəflərə nail olmaqda fəal töhfəçi hesab edirik".
O qeyd edib ki, dəmir yolu nəqliyyatı artıq kütləvi mobilliyin ən təmiz formasıdır: "ADY-nin emissiyalardakı payı 0,5 %-dən az olsa da, bizim bu istiqamətdə fəaliyyətimiz hələ də gələcək üçün əhəmiyyətlidir".
