Yaponiya bu həftə iki potensial bazar dalğalanmasına səbəb ola biləcək hadisələr öncəsi yenin zəifləməsi fonunda spekulyativ valyuta hərəkətləri ilə bağlı daha çox xəbərdarlıqlar edib.

İndex.az xəbər verir ki, Yaponiya maliyyə naziri Katsunobu Kato jurnalistlərə “narahat” olduğu tərəfləri bildirib və ötən həftəki xəbərdarlıqlarını təkrarlayıb.

“Spekulyantların yaratdığı hərəkətlər də daxil olmaqla, son valyuta dəyişikliklərindən dərin narahatlıq keçirirəm,” -deyə, Kato bildirib.

“Hökumət həddindən artıq valyuta dəyişikliklərinə qarşı müvafiq tədbirlər görəcək,” deyə Kato əlavə edib və potensial müdaxilə ilə bağlı standart işarə verib.

Onun açıqlamalarından sonra yen dollara qarşı möhkəmlənərək qısa müddətə 157.06 səviyyəsinə çatıb, halbuki nazir danışmazdan öncə 157.39 səviyyəsində idi.

Çərşənbə günü Mərkəzi Bankın rəhbəri Kazuo Uedanın çıxışı və cümə günü ötən həftəki görüşlə bağlı daha ətraflı məlumatların açıqlanması gözlənilir. Bununla birlikdə, yenin daha da zəifləməsi Yapon pul siyasəti qurumları üçün risk olaraq qalır.

Tətillər mövsümündə bazardakı aşağı likvidlik kəskin hərəkətlərin potensialını artırır, lakin bu, eyni zamanda, müdaxilə halında daha effektiv nəticə əldə etmək imkanı yarada bilər, analitiklər qeyd edir.

“Faktiki intervensiya olub-olmayacağı ilə bağlı gərginlik, yəqin ki, yen 160 səviyyəsinə yaxınlaşdıqca artacaq,” deyə “Kansai Mirai Bank”ın valyuta strateqi Takeşi İşida bildirib. “Əgər aşağı likvidlik şəraitində müdaxilə olarsa, yenin möhkəmlənmə hərəkəti daha böyük ola bilər.”

Nazir Katonun açıqlamaları, əsasən ABŞ və Yaponiya faiz dərəcələri arasındakı fərqin daralmasının daha uzun çəkəcəyinə dair fikirlərin yenə yen üzərində təzyiq yaratdığı bir vaxtda gəlib.