"Xalq Bank" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 300.596 milyon manat artaraq 2 milyard 985 666 milyon manata çatıb. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 2 milyard 685.070 milyon manat təşkil edib.
Bankın kredit portfelinin həcmi 1 milyard 837.175 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 1 milyard 740.634 milyon manat kredit verildiyini nəzərə alsaq, 96.541 milyon manatlıq artımın olduğunu görürük.
3-cü rübün sonuna "Xalq Bank"ın depozit portfeli 2 milyard 141.697 milyon manat olub. İlin əvvəlində bu göstərici 1 milyard 855.258 milyon manat idi.
Hesabatdan görünür ki, "Xalq Bank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 62.282 milyon manatdan 67.043 milyon manata yüksəlib (4.761 milyon manat artım).
Bankın nizamnamə kapitalı cari ilin əvvəlinə nəzərən 26.489 milyon manat artaraq 452.140 milyon manatdan 478.629 milyon manata çatıb.
Hesabat dövründə "Xalq Bank"ın faiz gəlirləri 116.336 milyon manat, faiz xərcləri isə 23.585 milyon manat təşkil edib.
"Xalq Bank" mümkün zərərlər üçün 194 min manatlıq məqsədli ehtiyatlar yaradıb.
Bankın dövr üzrə xalis mənfəəti 53.736 milyon manat olub.
Bankın məcmu kapitalı isə 496.417 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 478.629 milyon manatdır. Bankın səhmlərinin 50,00%-i "İdeal Business Ko"MMC-yə, 33,85%-i "EuroStandard" MMC-yə, 16,15%-i isə "Foton" MMC-yə məxsusdur.
