"Volvo", sürücülərin monitorinqi texnologiyasının yaradıcısı olan İsrailin "CorrActions" şirkətinə strateji yatırım edib.
İndex.az xəbər verir ki, "Volvo Cars" Texniki Fondunun rəhbəri Aleksandr Petrofski bildirib ki, sürücülərin monitorinqi texnologiyasının gələcək inkişafı və kommersiyalaşdırılmasına dəstək olmaq üçün "CorrActions"a yatırım etmək qərarına gəliblər.
Şirkətin ilk dövrə investisiya həcmi 6 milyon dollar olacaq.
"CorrActions" ideyası sürücünün mikro-əzələ hərəkətlərini izləmək üçün avtomobilə quraşdırılmış sensorlardan istifadə etməkdir.
Şirkət iddia edir ki, bu hərəkətlər sürücünün yorğun və ya sərxoş olub olmadığını yoxlamaq üçün "CorrActions" alqoritmlərinin qiymətləndirə biləcəyi beyin fəaliyyətini əks etdirə bilər.
2019-cu ildə neyropsixoloq və iş icraçısı Zvi Qinosar tərəfindən qurulan şirkətə daha əvvəl 2021-ci ildə 2,7 milyon dollar yatırım edilmişdi.
