“”Uber” və “Bolt” kimi startapların məntiqi bu idi ki, hər bir avtomobil sahibi işdən sonra, yaxud sərbəst vaxtlarında 5-10 manat çörək pulu qazansın. Bizdə bu startap çox iyrənc bir formada inkişaf etdi”.

İndex.az xəbər verir ki, bunu tanınmış jurnalist, bloqer-səyyah Azər Qərib deyib. O qeyd edib ki, sahibkar 50-100 ədəd “Toyota Prius” alır, işsiz gəncləri yığır və hərəsinə qəpik-quruş verərək, onları istismar edir:

“Əksər hallarda gördüyümüz odur ki, həmin sürücülər şəhəri tanımır, kondisioneri yandırmaq, yaxud musiqinin səsini almaq xahişləri az qala aqressiya ilə qarşılanır, avtomobili idarə edərkən yazışırlar. Adam maşında oturmağa iyrənir, yol qaydalarına məhəl qoymurlar və ən acınacaqlı məqam isə odur ki, bəzi hallarda hallı olurlar. Yəni açıq-aşkar görürsən ki, bu sürücü konkret olaraq hansısa narkotik vasitəsinin təsiri altındadır. Sürücülük vəsiqəsi olmayandan tutmuş, narkoloji uçotda olanlara qədər - axı bunlar necə sürücü kimi işə qəbul olunurlar? Məgər hər birimiz “Uber” sürücülərinin özbaşınalıqlarını görmürük?”.

A.Qəribin sözlərinə görə, kimsə 50-100 ədəd maşın alıb onları taksi kimi işlədirsə bu, artıq taksoparkdır:

“Taksoparkın isə öz qaydaları var. Həkimi marşruta çıxanları yoxlayır, dispetçeri maşınların təmizliyinə və texniki vəziyyətinə nəzarət edir, sürücülər şəhəri tanımaq üzrə imtahan verirlər və s. Eyni zamanda, sürücülərin hüquqları qorunur, iş günü, bazar günü, məzuniyyət məsələləri tənzimlənir. Mən evdə oturub əlavə saatlarda işləyə bilərəm, amma sürücü gözü yumulana qədər işləməməlidir, biz onlara həyatımızı etibar edirik. Ölkədə bir çox yol qəzalarının səbəbi məhz sürücülərin yorğun olmasıdır. Çünki nəzarət yoxdur, xaricdə sərnişin daşıyan maşınlara xüsusi avadanlıq quraşdırılır - artıq saat işləsən motor sönür”.