"İyulun 8-dən etibarən bağlanan Azərbaycan və Türkiyə arasındakı quru sərhəd keçid məntəqəsi müəyyən qisim vətəndaşlar üçün yenidən açılır".
İndex.az xəbər verir ki, bu iddianı jurnalist Araz Əhmədov öz “İnstagram” səhifəsində paylaşıb.
Onun sözlərinə görə, tezliklə rəsmiləşməsi gözlənilən qərara əsasən, Türkiyə ali məktəblərində oxuyan Azərbaycan vətəndaşları quru sərhəd vasitəsilə qardaş ölkəyə gedə biləcək.
Həmçinin, onkoloji xəstələr müalicə məqsədilə müvafiq sənədləri təqdim etməklə Türkiyəyə quru sərhədlə keçə biləcəklər.
Azərbaycanda olan Türkiyə vətəndaşları da vətənlərinə quru sərhədlə qayıdacaqlar.
Türkiyə kimliyi olan, Türkiyə vətəndaşı ilə rəsmi nikahda olan və qardaş ölkədə oturum izni olanlar da quru sərhədi keçməklə mənzil başına varacaqlar.
Hal-hazırda yalnız tələbələrin Türkiyədən Azərbaycana quru sərhədlə qayıdışı üçün heç bir problem yoxdur. Adi vətəndaşlar isə aviareyslərdən istifadə etməlidir.
Sonda isə qeyd edib ki, bu qərar sabah və ya birigün rəsmən açıqlanacaq.
