ABŞ-da aparılan araşdırmada yaşı 50-dən yuxarı olan 20 mindən çox yetkin şəxs müayinə olunub.
İndex.az xəbər verir ki, “The Lancet” tibb jurnalında dərc olunan araşdırmaya görə, uzun müddət boş oturmaq, işləməmək və ya yalnız qısa müddət işləmək, diqqətini karyeraya yönəltməmək beyinə zərər verə biləcəyi müəyyən edilib. Bu amillərin zamanla demensiyaya səbəb ola biləcəyi bildirilib.
Tədqiqat həmçinin demensiyaya səbəb ola biləcək yeni risk faktorlarını aşkar edib. Tənbəllik və oturaq həyat tərzi, həmçinin hobbinin olmaması və vicdanlılığın aşağı səviyyədə olması da demensiya ilə əlaqələndirilir. Mütəxəssislər beyin sağlamlığını qorumaq üçün hobbi ilə məşğul olmağın və nizamlı həyat tərzi keçirməyin vacibliyinə diqqət çəkiblər.
Demans riskini artıran digər amillər arasında oturaq həyat tərzi, artıq çəki, alkoqoldan sui-istifadə, aşağı idrak bacarıqları və gündəlik fəaliyyətlərin olmaması daxildir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 55 milyondan çox demensiya xəstəsi var. Bu rəqəmin 2030-cu ildə 75 milyona, 2050-ci ildə isə 132 milyona çatacağı gözlənilir. Araşdırmalar göstərir ki, hər üç saniyədən bir demensiyaya yeni diaqnoz qoyulur və halların 60-80%-i Alzheimer xəstəliyidir.
Qadınların daha çox Alzheimer xəstəliyinə tutulmasının səbəbləri kimi uzun ömür və genetik fərqlər göstərilib. Bununla belə, Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzində aparılan yeni bir araşdırma gender bərabərsizliyinin də bu vəziyyətə təsir edən faktor olduğunu ortaya qoydu.
