Amerikalı aktyor Corc Kluni həyat yoldaşı və iki övladı ilə birlikdə Fransa vətəndaşlığı alıb.
İndex.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Məlumata görə, Kluni və ailəsi vətəndaşlıq verilmə barədə fərmanla Fransa vətəndaşı olublar.
Dekabrın əvvəlində RTL telekanalının efirində Kluni Fransa mədəniyyətini və dilini sevdiyini bəyan etmişdi. Agentlik qeyd edib ki, aktyor 2021-ci ildə həyat yoldaşı ilə birlikdə Fransanın cənub-şərqindəki Brinyol kommunasında malikanə və üzüm bağı da satın alıb.
Bildirilib ki, Kluni və ailəsi vaxtlarının böyük hissəsini Fransanın cənubunda keçirirlər.
AFP-nin vurğuladığına görə, Corc Klunidən başqa, amerikalı rejissor Cim Carmuş da Fransa vətəndaşlığı almaq istəyir. Carmuş bu niyyəti barədə dekabrın 26-da "France Inter" radiostansiyasının efirində məlumat verib.
