"Google"un baş direktoru Sundar Piçai cəmiyyətin süni intellektin sürətli inkişafına hazırlaşmalı olduğunu bildirib.

İndex.az xəbər verir ki, CBS televiziyasına müsahibə verən Piçai bildirib ki, "Google"un süni intellekt sisteminin necə işlədiyini özü də hələ tam başa düşməyib.

Cəmiyyətin buna uyğunlaşmasının lazım olduğunu bildirən Piçai, süni intellekt səbəbindən işini itirənlər arasında yazıçıların, mühasiblərin, memarların, hətta proqram mühəndislərinin də olacağını qeyd edib.

Süni intellektin sürətli inkişafı ilə bağlı gələcəkdə yalan və ya saxta məlumatların sürətlə yayılması hallarının daha çox olacağını bildirən Piçai, cəmiyyətin süni intellektin daha təhlükəsiz olması üçün tələb edilən qaydalara uyğunlaşmasının lazım olduğunu vurğulayıb.

Cəmiyyətin texnologiyanın inkişaf tempinə tam uyğun gəlmədiyini bildirən Piçai, insanların süni intellekt texnologiyasına tam hazır olmadığını bildirib.