Sudan Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə dağ-mədən sənayesi sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlıdır.

İndex.az “AzerGold” QSC-yə istinadən xəbər verir ki, bunu Sudanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovla görüşündə bildirib.

O, ölkəsinin qızıl və mis kimi zəngin filiz ehtiyatlarına və geniş ixrac potensialına malik olduğunu deyib. Səfir əlavə edib ki, Sudan hökuməti bu potensialın səmərəli şəkildə dəyərləndirilməsi üçün xarici tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir.

Z. İbrahimov isə ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, əlverişli investisiya mühiti və dağ-mədən sənayesinə göstərilən dövlət dəstəyi nəticəsində “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə mühüm nailiyyətlər, geniş təcrübə əldə etdiyini bildirib. Sədr mineral resurslarla zəngin ölkələrlə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışaraq, xüsusən Mərkəzi Asiya və Afrika regionlarının “AzerGold” üçün strateji maraq dairəsində olduğunu diqqətə çatdırıb.

Tərəflər görüşü ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində atılmış müsbət bir addım kimi dəyərləndirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.