Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işləri üzrə dindirilən əsas fiqurların adları məlum olub.

İndex.az Lent.az-a istinadən xəbər verir ki, AMEA-nın hazırkı və sabiq prezidentləri - İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadə müxtəlif vaxtlarda istintaq orqanı tərəfindən dindirilib.

Qeyd edək ki, ötən gün Baş Prokurorluq da AMEA-da baş verən qanunsuzluqlar barədə açıqlama yaymışdı.

Həmin açıqlamada bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib.

İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.